Dezinformasiyanı informasiyadan necə ayırmalı

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin təşkilatçılığı ilə Qazaxda “Mətbuat azadlığı, düşüncələrin manipulyasiyası, mediada təhdid, sosial şəbəkələrin rolu” mövzusunda Dəyirmi Masa keçirilib.

Dəyirmi Masaya əsasən yerli ictimai fəallar qatılıb. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin rəhbəri Səadət Bənənyarlı açılışda informasiyanın çağdaş insanın həyatındakı yeri və rolundan danışıb.

O, bildirib ki, informasiyaya çatımlıq informasiya kommunikasiya texnologiyalarının köməyi ilə asanlaşsa da doğru, etibarlı informasiya almaq imkanlarının genişləndiyini söyləmək mümkün deyil: “Azərbaycanda hələ də rəsmi informasiya vətəndaşın hökumətdən gözlədiyi xəbərlər yox, hökumətin vətəndaşa vermək istədiyi xəbər kontekstindədir. Bir çox dövlət qurumları ilə vətəndaşlar arasında informasiya bağı demək olar, yoxdur. Hər il dövlət vətəndaş-hökumət kommunikasiyasının yaxşılaşmasına vəsaitlər ayırır, normastivlər qəbul edir, ancaq vəziyyət köklü şəkildə dəyişmir. Hər hansı bir məsələ ilə bağlı rəsmi versiyanın səsləndirilməməsi isə dezinformasiyaların yayılmasına səbəb olur. Bu isə vətəndaşlar arasında həm çaşqınlıq yaradır, həm də müxtəlif qruplar bu dezinformasiyadan öz məqsədləri üçün istifadə edir. Söhbət yalnız ölkə əhəmiyyətli məsələlərdən getmir, lokal xarakterli problemlər zamanı da belə arzuolunmaz şərait yarana bilir”.

Səadət Bənənyarlı bildirib ki, informasiyanın dezinformasiyadan ayırd edilməsi sadə vətəndaşlar üçün çətindir: “Sosial şəbəkələr bu gün istənilən xəbəri sürətlə yaymaq gücündədir. Bir çox hallarda konkret şəxslərlə, eləcə də proseslərlə bağlı saxta profillər üzərində saxta informasiyalar yayılır. İnformasiya ilə işləmək bacarığı olmayan sadə vətəndaşlar dezinformasiyanı kimin yaymasına önəm vermədən yazılanlara inanır və onun daşıyıcısına və ötürücüsünə çevrilirlər. Belə halda həqiqəti üzə çıxarmaq çətinləşir. Çünki insanlar ilk eşitdiklərini yadda saxlayır, gerçəyi isə düşünülmüş, məqsədli, “həqiqəti” örtmək üçün cəhd kimi qəbul edirlər. Nəticədə zərərli tendensiya yaranır. Bu səbəbdən vətəndaş cəmiyyəti institutlarının vəzifəsi həm də vətəndaşlara informasiya almaq vərdişləri öyrətməkdir”.

 

Toplantı iştirakçıları dezinformasiyaların yayılmasında sosial şəbəkələrin rolu haqqında fərqli mülahizələr irəli sürüblər. Bəzilərinin fikrincə, bir sıra hallarda dezinformasiya gerçəyin ortaya çıxarılması üçün açar rolunu da oynaya bilir. Xüsusən, vətəndaşların rəsmi səviyyədə eşitmək istədikləri, lakin ala bilmədikləri məsələlərlə bağlı. Bu halda, dezinformasiya rəsmiləri hərəkətə keçməyə məcbur edir.

Dəyirmi Masa iştirakçıları onu da vurğulayıb ki, regionlarda maarifləndirmə işlərinə xüsusi ehtiyac var. Çünki uzun illər qapalı cəmiyyətdə yaşamaq insanlarda çəkingənlik yaradıb bu səbəbdən onlar cəmiyyət həyatına daha aktiv köklənməkdə çətinlik çəkirlər. Hətta sıradan məsələlərlə bağlı gündəlik təmas etdikləri məktəb, xəstəxana, xidmət sektoru kimi qurumlara sualları yarananda rahat şəkildə təmas yarada bilmir, eyni zamanda ictimai maraq dorğuan məsələlərlə bağlı fikri bildirərkən sərbəst olmurlar.

Dəyirmi Masa iştirakçıları sadlanan bütün problemlərin Azərbaycanda ifadə azadlığı probleminin bir parçası olduğunu da xüsusi vurğulayıblar.

 

Könül Süleyman,

Musavat.com