İnformasiyanı silaha çevirməməyin yolları QHT-lər vətəndaşları maarifləndirir

 

Sumqayıtda Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin təşkilatçılığı ilə “Mətbuat azadlığı, düşüncələrin manipulyasiyası, mediada təhdid, ” mövzusunda Dəyirmi Masa keçirilib. İctimai fəalların, vətəndaş cəmiyyəti institutların təmsilçilərinin qatıldığı Dəyirmi Masada əsasən yeni informasiya daşıyıcıları vasitəsilə sosial həyata gələn yeniliklərdən, onların müsbət və mənfi cəhətlərindən söz açılıb.

Dəyirmi Masanı açan Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib ki, çağdaş texnoloji yeniliklər insanların informasiyaya çıxışını asanlaşdırsa da özü ilə bir sıra mənfi tendensiyalar da gətirib: “Söz azadlığı, insanların öz fikirlərini sərbəst ifadə etməsi demokratiyanın əsas prinsiplərindəndir. Azərbaycanın media məkanında son zamanlarla müsbətə doğru müəyyən dəyişikliklər baş verib. Xüsusən televiziyalar yaxın zamanlara qədər geniş yer ayırdıqları bayağı şou proqramlarının sayını azaldıb. Telekanalların populyarlığının sürətlə azalması, intellektual seyrçi kütləsinin isə teleməkandan tamamilə uzaq düşməsi belə bir addım atılmasına gətirib. Televiziyaların əsas funksiyalarından biri seyrçini informasiya ilə təmin etmək, eyni zamanda onu narahat edən problemləri gündəmə gətirməklə həllinə yardım göstərməkdir. Ölkədəki informasiya siyasəti bir müddət problem yüklü xəbərlərin teleməkana çıxışını elə bir səviyyəyə endirmişdi ki, seyrçilər kütləvi şəkildə sosial şəbəkələrə üz tuturdular. Bu zaman icitmailəşdirilməsi vacib olan xəbərlərlə yanaşı informasiya yükü olmayan şayiələr, dezinformasiyalar ölkənin informasiya məkanını çirkləndirdi. Bunun əsas səbəblərindən biri də vətəndaşların xəbəri şayiədən ayırmaq vərdişinin olmamasıdır. Ümid edirik ki, belə Dəyirmi Masalar bu mənada iştirakçılar üçün faydalı olacaq”.

Sumqayıt sakini, Tibb Universitetinin tələbəsi Ramin Nağıyev yeni nəslin informasiyanı əsasən internet üzərindən aldığını bildirib, çap məhsullarının müxtəlif səbəblərdən gənclik üçün çəkici olmadığını deyib:“Bizdən öncəki nəsillər üçün qəzet, televiziya nə qədər vacib idisə, bizim üçün də sosial şəbəkələr bir o qədər vacibdir. Yəqin bu gün Azərbaycanda elə bir gənc tapmaq olmaz ki, o, səhər qəzet üçün köşkə yollansın. Bizin üçün artıq yeni trendlər, yeni üsullar var. Son zamanlar internet televiziyalar da populyarlaşır. Onlar informasiyanın fərqli versiyalarda alınması, gündəmdə olan məsələlərlə bağlı müxtəlif baxışların yer aldığı müzakirələr baxımından da önəmlidir. Yeni nəslin az qala hər bir nümayəndəsinin sevimli “yutuberi”, “blogeri, “vayneri” var. Hər kəs öz maraq daisərinə, baxışlarına uyğun informasiyanı əldə etməkdə sərbəstdir. Sosial şəbəkə həm də insanlara müzakirələr qatılmaq, fikir ifadə etmək imkanı qazandırdığı üçün önəmlidir. Bu məsələnin müsbət tərəfidir. Təbii, bu açıq informasiya məkanının mənfi tərəfləri də var. Bu da senzurasız mühitdə şəxslərin informasiyadan rəqiblərinə qarşı silah kimi yararlanmasıdır. Sözsüz ki, bu dezinformasiyanın sürətlə tirajlanmasına, konkret şəxslər, olaylar haqqında məqsədli şəkildə yanlış bilgi yayılmasına səbəb olur, sonucda informasiyanın obyekti olan şəxs gözdən salınır, nüfuzuna zərbə dəyir. Düşünürəm ki, informasiyanın doğruluğunu yoxlamaq üçün internetdə əldə olunan xəbəri mütləq bir neçə qaynaqdan yoxlamaq gərəkdir”.

Dəyirmi Masa iştirakçıları səslənən fikirlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Iştirakçılar bildiriblər ki, informasiya ilə davranış onu əldə edən, yayan şəxsin təhsil və mədəni səviyyəsindən birbaşa asılıdır. Səslənən fikrilərdə o da vurğulanıb ki, seyrçinin savadlı olması onun informasiya ilə bağlı tələblərini də yüksəldir, bu da aşağı səviyyəli, informasiya məkanını mənasız yerə yükləyən saytların, internet televiziyalarının zamanla sıradan çıxmasına, informasiya ortamının sağlamlaşdırılmasına səbəb olur.

Könül Süleyman, Musavat.com